Turing test nədir?
Turing test (Türing sınağı) – “maşın intellektini” müəyyənləşdirmək üçün test.
Süni sistemlərin “intellektuallığını” müəyyənləşdirmək üçün ingilis riyaziyyatçısı Alan Türinq (Alan Turing) bir sınaq təklif etmişdir. Türing sinağı, yaxud Türing testi adlandırılan bu sınaq xəyali kompüterin “intellektinin” insanın intellektindən nə dərəcədə fərqləndiyini müəyyənləşdirir.
Eksperimentin iştirakçıları bir neçə adam və sınaqdan keçirilən “intellektual” sistemdir. Hər bir iştirakçı ayrıca otaqda yerləşdirilir. Onların qarşısında monitor və klaviatura olur. Ekranda o biri iştirakçıların adları göstərilir. Onların hər biri bilir ki, bu adlarlardan birinin altında kompüter gizlənir, ancaq hansı ad altında olması məlum deyil. İştirakçılar klaviaturadan istifadə etməklə bir – birinə istənilən sualı verə bilər, sonra isə həmin sualın düzgünlüyünü və məntiqiliyini qiymətləndirə bilər; məsələn, “Sizin fikrinizcə, sabah hava necə olacaq ? ” sualına həmsöhbətinizdən belə bir cavab eşitmək qəribə olardı: “Saniyədə 3 metr sürətlə qərb küləyi əsəcək, bəzi yerlərdə qısamüddətli yağış yağacaq , tufan ehtimalı var , temperatur +10 … + 12 ° C olacaq” . Insan, yəqin ki, belə bir cavab verərdi: “Məncə, yağış yağacaq və təxminın 10 ° istilik olacaq”.
Verilən cavablara görə hər bir iştirakçı – insan onun həmsöhbətlərindən hansının insan olmadığını sezməlidir. Əgər yetərincə uzun söhbət nəticəsində eksperimentdə iştirak edən heç bir insan (yaxud əksəriyyət) “kompüterin” hansı ad altında gizləndiyini müəyyən edə bilmirsə, demək, bu “kompüter” insana ( yaxud, demək olar ki, insana ) xas intellektə malikdir.