Mikro Robotlar – yeni növ kəşfiyyat vasitələri
Mikro Robot nədir?
Tunellərdə, mağaralarda, eləcə də qapalı obyektlərdə kəşfiyyatının aparılması, dağıntılar zamanı çıxılmaz vəziyyətdə qalmış insanların axtarışı, antiterror əməliyyatlarında təyin edilən ərazilərin kəşfiyyatı və terrorçuların məhv edilməsi üçün qabaqcıl həll olaraq mini və mikro ölçülü yerüstü robotlar aktuallaşmağa başlayıb.
Yerüstü mini robotlar kəşfiyyatla yanaşı, hərbi əməliyyat zonalarında sığınacaqlarda, mağaralarda və tunellərdə gizlənmiş düşmən qüvvələrinin məhv edilməsində kamikadze olaraq istifadə edilə bilər.
“Endeavour Robotics” şirkəti 2019-cu ilin yanvar ayında ABŞ dəniz korpusu ilə tunel və xüsusi ərazilərdə əməliyyatlarda istifadə üçün “FirstLook” robotunun çatdırılmsına dair müqavilə imzaladığını açıqlayıb. 6,6 kiloqram ağırlığı olan “FirstLook” 17.8 sm hündürlükdə maneələrə dırmaşa, yerini dəyişə, aşdığı zaman özünü tənzimləyə bilir. İşıqlar, səs dinləməyə imkan verən mikrofon və rəngli kamera ilə təchiz olunmuş robota ehtiyacdan asılı olaraq KBRN və partlayıcı aşkarlama sensorlarının inteqrasiyası mümkündür.
Qeyd edək ki, 2017-ci ildən Pentaqon “FirstLook” robotunun tunel və mağaralarda kəşfiyyat məqsədi ilə istifadə imkanları araşdırır. DARPA “Yeraltı Çağırış” proqramının Faza-1 mərhələsini qazanan “Endeavour Robotics” şirkətinə “FirstLook” robotunun yeraltı mühitlərdə tətbiqi imkanlarının genişləndirilməsi məqsədi ilə 1,5 milyon dollar vəsait ayırıb.
Robot texnologiyaların istehsalı üzrə ixtisaslaşmış “Recon Robotics” şirkətinin “Throwbot 2” (TB2) mikro robotu hazırda ABŞ və Kanada daxil olmaqla 33 ölkənin ordu və güc strukturları tərəfindən qapalı və açıq mühitdə, iri diametrli boru kəmərlərinin daxilində, lağımlarda, habelə müxtəlif yeraltı obyektlərdə video və səs kəşfiyyatı üçün istifadə olunmaqdadır.
Əllə atılan mikro-robot betonun üzərinə 9 metr hündürlükdən düşdükdə qırılmır. Hərəkət halında qarşıya çıxan 10 sm hündürlükdə maneələri dəf etməyi bacarır. Üzərindəki aksesuarlar vasitəsi ilə robotu 1,8 kq əlavə yüklə təchiz etmək mümkündür. Görüş məsafəsində 140 m, görüş məsafəsindən kənarda 45 metr məsafədən idarə edilə bilən TB2-nin sürəti 0,6 m/saniyə, fasiləsiz iş müddəti 110 dəqiqə, robotun gövdəsinin uzunluğu 21,1 sm, eni 20,1 sm, hündürlüyü 11,4 sm təşkil edir
“Nexter Systems” şirkətinin qapalı ərazilərdə əməliyyatlar üçün nəzərdə tutulan “Nerva” yüksək davamlılığı ilə də önə çıxır. Standart notebook, tablet və ya smartfon üzərindən asanlıqla idarə olunan “Nerva” geniş potensial yüklərlə inteqrasiya edilə bilir.
“Nerva” ailəsinin kiçik qabaritli (iki təkərli) versiyası olan “Nerva-S” keyfiyyətli müşahidə kamerası, termal kamera və mikrofonla təchiz olunub. Platforma KBRN və əldəqayırma partlayıcı vasitələrin kəşfiyyatı üçün təklif edilir. Robotun ön hissəsində 1280×720 piksel HD kamera və operatora qaranlıq mühitdə görmə imkanı verən termal kamera yerləşdirilib. Standart versiyada 9 sm hündürlüyündə maneələri aşa bilən robotun uzunluğu 31,5 sm, eni 24,5 sm, ağırlığı 3 kiloqram, sürəti maneəli ərazidə 4 km/saat, düz ərazidə 10 km/saatdır. Robot statik halda 5 saatdan artıq, fasiləsiz iş rejimində 1 saat çalışır. Görüş məsafəsində 200 metrdən çox, tunellərdə və bina daxilində 50 metr məsafədən idarə olunan robotun termal kamerası insanı 80 metrdən təsbit etməyə imkan verir. Bundan başqa, robotun üzərində səs mikrofonu, habelə video görüntünü qeydə alan kart yerləşir.