CDN nədir?

Saytın sürəti Google-un veb saytları qiymətləndirərkən nəzərə aldığı ən vacib sıralama amillərindən biridir. İnternet istifadəçilərinin hədsiz səbirsiz olması və gec yüklənən saytları tərk etməsi günümüz rəqəmsal marketinq dünyasının ən məlum faktıdır. Bu səbəbdən, bu gün bütün veb sayt sahibləri saytın sürətini tam şəkildə artıracaq bütün texniki təkmilləşdirmələri həyata keçirmək istəyirlər. CDN-nin istifadəsi də, saytın sürətini artırmaq üçün ən vacib texniki təkmilləşdirmələrdən biridir.

CDN nədir?

Xüsusilə veb texnologiyaları sahəsində ən çox eşidilən terminlərdən biri CDN-dir. Content Delivery Network sözlərinin qısaltması olan CDN, veb proqramlarında məzmunun daha sürətli yüklənməsinə imkan verən texnologiyadır. Azərbaycan dilinə "Məzmun Çatdırılma Şəbəkəsi" kimi tərcümə olunur. CDN, veb-sayt məzmununun ən sürətli çatdırılmasını təmin etmək üçün, birlikdə işləyən, coğrafi olaraq fərqli yerlərə paylanmış serverlər toplusudur. Bir sözlə, CDN qlobal server icmasıdır. CDN coğrafi olaraq paylanmış sistem olsa da, birlikdə işləyən serverlərdən ibarətdir. Onun əsas məqsədi internet məzmununu tez bir zamanda istifadəçilərə çatdırmaqdır. CDN-nin ikinci ən vacib məqsədi veb-saytları DDOS və s. zərərli hücumlardan qorumaqdır.


Siz CDN xidmətindən istifadə etdiyiniz zaman, CDN şəbəkəsi saytınızdakı statik məzmunu öz serverlərinə köçürür və bu məzmunu öz serverlərindən gələn ziyarətçilərə yönləndirir. Beləliklə, istifadəçiyə ən yaxın yerdən çatan statik məzmun istifadəçiyə daha sürətli ötürülür. Nəzərə alsaq ki, statik məzmun daha çox şəkil, audio və video məzmundur (bunlar ən çox yer tutan məzmunlardır) internet saytının açılış sürətində xeyli artım müşahidə etmək olar.

Hər dəfə Amazon kimi yüksək trafikli e-ticarət saytlarına daxil olanda və ya Facebook-da dostlarınıza mesaj göndərdiyiniz zaman CDN-dən istifadə edirsiniz. 

Videolar, şəkillər, üslub cədvəlləri, javascript faylları, HTML səhifələri daxil olmaqla məzmunun yüklənməsi üçün tələb olunan resursların asan və sürətli ötürülməsini təmin edir. CDN-ə maraq günü-gündən artır və bugünkü trafikin böyük hissəsini əhatə edir. Amazon, Facebook, Netflix kimi dünya nəhənglərinin trafiki CDN-lər vasitəsilə təmin edilir.

CDN necə işləyir?

Məzmun Çatdırılma Şəbəkəsi sistemində, yəni CDN-də veb-saytın məlumatları təkcə əsas serverdə deyil, həm də CDN şəbəkəsindəki bütün yerli serverlərdə yerləşdirilir. Dünyanın istənilən yerindən olan istifadəçi veb-sayta daxil olmaq istədikdə veb-saytın bütün statik məlumatları (JS, CSS, Şəkillər...) əsas serverdən deyil, həmin istifadəçiyə ən yaxın CDN şəbəkəsindəki serverdən verilir.


Məlumatlar ən yaxın serverdən yükləndiyi üçün, vebsayt dünyanın istənilən yerindən sürətli şəkildə açılır. CDN-nin istifadə olunması, səhifələrin yavaş yüklənməsi, brauzerlərin sıradan çıxması və xidmətin pozulması kimi köhnə problemləri aradan qaldırır.

"Xülasə olaraq, CDN veb-sayt məlumatlarını son istifadəçiyə ən yaxın nöqtədən təqdim etmək prinsipi ilə işləyir."

CDN sahib olduğu bütün məlumatları (veb-sayta aid), həmin vebsaytın əsas(origin) serverindən götürür. CDN əldə etdiyi məlumatları keşləyir və internet istifadəçisi həmin məlumatları tələb etdikdə keşlənmiş məlumatları internet istifadəçisinə təqdim edir. 


CDN-dən istifadənin üstünlükləri

1. Saytın Sürətini artırır

CDN-ə üstünlük verilməsinin bir nömrəli səbəbi sürətin artmasına töhfə verməsidir. CDN bunu istifadəçilərə ən yaxın yerdən faylları göndərməklə təmin edir. Məlumatların ən yaxın yerdən göndərilməsi ilə yükləmə sürətində və gecikmə müddətində müsbət artımlar olacaq.

2. Təhlükəsizliyi artırır

Demək olar ki, bütün yaxşı CDN xidmətləri DDOS hücumlarına qarşı üstün təhlükəsizlik texnologiyalarına malikdir. Bundan əlavə, CDN xidmətləri mütəmadi olaraq təhlükəsizlik sertifikatlarını təkmilləşdirir və digər optimallaşdırmaları təmin etməklə təhlükəsizliyi artırır.

3. Əsas Serverin yükünü azaldır

Bu səbəbdən həm hostinq xərcləriniz azalacaq, həm də serveriniz sorğulara daha tez cavab verəcək.

4. Trafik sıxlığını idarə etməyə kömək edir

E-ticarət saytları black friday(qara cümə) kimi xüsusi günlərdə böyük kampaniyalar aparır və bu özəl günlərdə internet saytının trafiki adi günlərə nəzərən qat-qat yüksək olur. Belə dövri trafik sıçrayışlarında, daxil olan trafiki CDN ilə müxtəlif serverlərə paylamaq imkanınız ola bilər. Bu trafik paylama prosesi Load Balancing adlanır. Load Balancing ilə siz hər cür sayt çökmələrini, yavaşlamalarını və serverin həddindən artıq yüklənməsi risklərini aradan qaldıra bilərsiniz.